Azərbaycan kubokunun dörddəbir final mərhələsinin birinci və cavab oyunlarının təqvimi müəyyənləşib
Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin birinci və cavab oyunlarının təqvimi müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək mərhələyə fevralın 1-də “Sumqayıt” – “Səbail” oyunu ilə start veriləcək. “Kapital Bank Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq. Həmin gün keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşünün start fiti isə saat 18:00-da veriləcək.

Fevralın 2-də isə “Keşlə” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Qarşılaşma saat 16:00-da “ASK Arena”da keçiriləcək. Günün digər matçı isə “Bakcell Arena”da saat 18:00-da “Neftçi” və “Zirə” klubları arasında baş tutacaq.

Ölkə kubokunun cavab oyunları isə fevralın 6-7-də keçiriləcək. Ayın 6-da keçiriləcək birinci oyunda “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Qəbələ şəhər stadionda baş tutacaq görüşün start fiti saat 15:00-da veriləcək. Bu günün ikinci oyununda isə “Səbail” “ASCO Arena”da “Sumqayıt”ı sınağa çəkəcək. Bu qarşılaşma isə saat 18:00-da başlayacaq.

Fevralın 7-də baş tutacaq görüşdə isə “Kəpəz” Gəncə şəhər stadionunda saat 14:30-da “Keşlə” ilə üz-üzə gələcək. Azərbaycan kubokunun dörddəbir final mərhələsinə isə “Zirə”–“Neftçi” oyunu ilə yekun vurulacaq. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşə saat 17:30-da start veriləcək.

Qeyd edək ki, ölkə kubokunun dörddəbir finalının bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər 510 dəfə oxundu.