“Nizami ili”nə həsr olunan “Xəmsə” adlı beynəlxalq turnir keçiriləcək
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike: Global Offensive” (CS:GO) oyunu üzrə “Xəmsə” beynəlxalq turniri keçiriləcək.

2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan olunub. Böyük mütəfəkkir Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır və ona böyük şöhrət qazandırıb. Məhz buna görə də təşkilatçılar turniri “Xəmsə” adlandırmağı qərara alıblar.

Yarışda Azərbaycan ilə yanaşı, digər ölkələrin də təmsilçiləri mübarizə aparacaqlar. Ümumilikdə “Xəmsə” turnirində 16 komanda Olimpiya sistemi üzrə yarışacaq. Bütün oyunlar “Во3” sistemi üzrə keçiriləcək. Martın 27-də start götürəcək turnir aprelin 4-də başa çatacaq.

Yarışın ümumi mükafat fondu 5 min manat təşkil edir.

Yarışı “YouTube” kanalında “Glahub” və Instagram” şəbəkəsində “Glohub” səhifələrində izləmək mümkündür.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Xəbər 389 dəfə oxundu.