Türkiyə Superliqası: “Qalatasaray” doğma meydanda “Dənizlispor”u məğlub edib
Yanvarın 20-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" doğma meydanda "Dənizlispor"u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 6:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin qollarını Emre Akbaba (9), Sofian Fequli (17), Rayan Donk (45), Məhəmməd Özkal (öz qapısına 60),Younis Belhanda (64) və Jesse Sekidika vurub. "Dənizlispor"un heyətində isə Veton Tuşa fərqlənib.

Günün digər matçlarında isə "Yeni Malatyaspor" səfərdə "Hatayspor"u 2:1 hesabı ilə üstələyib. "Rizəspor" isə öz meydanında "Qaziantep"in qapısından üç cavabsız qol keçirib.

Hazırda Türkiyə Superliqasına 38 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" 38 xalla ikinci, "Qalatasaray" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda "Antalyaspor" istirahət edir.

Xəbər 407 dəfə oxundu.