Qurban Qurbanov: Ən azından avrokuboklara qatılmaq istəyirik
“Dörd ildir yeni mövsümə hazırlığımızı Qızılcahamamda keçiririk. Bura bizim üçün ilk seçimdir. Bu il də orada çox gözəl təlim-məşq toplanışı keçirdik”. İdma.com.az saytının məlumatına görə, bu fikri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə mətbuatına açıqlamasında deyib. Növbəti mövsümə hazırlığını Türkiyədə keçirən ağdamlılar vətəndə qısa müddətlik istirahətdən sonra Qızılcahamamda 2-ci təlim-məşq toplanışına başlayıb.

Qurbanovun sözünə görə, buradakı məşqlərlə Azərbaycana hazır şəkildə qayıdırlar: “Yeni mövsümdə hədəfimiz zirvədə olmaqdır. Ən böyük hədəfimiz Premyer Liqanı çempion kimi başa vurmaqdır. Amma bunu bacarmasaq, ən azından avrokuboklara qatılmaq istəyirik”.

40 yaşlı çalışdırıcı Türkiyə Superliqasının çox yaxşı çempionat olduğunu bildirərək, bu ölkənin futbolunu yaxın izlədiyini və bəyəndiyini söyləyib: “Türkiyə futbolu son illərdə həm milli komanda, həm də klublar səviyyəsində çox irəlilədi. Futbolunuz çox yaxşı vəziyyətdədir. Bəzən uğursuz nəticələr də alına bilər. Ancaq futbolda belə şeylər olur”.

Qurbanov bəyəndiyi türkiyəli futbolçuların sayının çox olduğunu deyib: “Azərbaycan çempionatında da türkiyəli futbolçuları görmək istərdik, ancaq indi bunu düşünə bilmirik. Çünki Superliqa çempionatımızdan daha öndədir. Bizdə futbol yeni-yeni inkişaf edir. Daha öncə bizdən bir neçə oyunçu Türkiyədə forma geymişdi. 3-4 ilə bizim liqamızın da daha yaxşı olacağına və daha çox futbolçumuzun Türkiyə Superliqasında oynaya biləcəyinə inanıram”.

Xəbər 1118 dəfə oxundu.