İdmançılarımız IV Dünya Oyunlarında uğurla yarışırlar
Aprelin 3-dən Türkiyənin Antalya şəhərində görmə qüsurlu paralimpiyaçıların IV Dünya Oyunları keçirilir. 2600 nəfər paralimpiyaçının mübarizə apardığı yarışlarda Azərbaycan da təmsil olunur.
İdmançılarımız yarışlarda uğurla çıxış edirlər.
Cüdoçu Afaq Sultanova (57 kq) qızıl medal qazanıb. Atletika yarışlarında uzunluğa tullanmada Oleq Panyutin qızıl, Vladimir Zayets isə gümüş medallar qazanıblar. Rza Osmanov 400 metr məsafəyə qaçışda bürünc medala layiq görülüb. Orxan Ramazanov 800 metr məsafəyə qaçışda 7-ci yeri tutub.
Cüdoçuların mübarizəsində 60 kq çəkidə mübarizə aparan Ramin İbrahimov yarışın bürünc medalını qazanıb. Bu çəkidə iştirak edən digər idmançımız Nurlan İbrahimov ilk döyüşünü uduzaraq yarışda çıxışını dayandırıb. 66 kq çəkisində iştirak edən Bayram Mustafayev yarımfinala qədər yüksəlsə də, qabırğa zədəsi aldığı üçün 5-ci yerlə kifayətlənməli olub. Həmin çəki dərəcəsində İlkin Alışov yeddinci yeri tutub.
Yüngül atletika üzrə yarışlarda Azərbaycan idmançıları üç təkanla tullanmada əla nəticələr göstəriblər. Vladimir Zayets qızıl, Oleq Panyutin gümüş medal qazanıblar. Elçin Muradov 100 metr məsafəyə qaçışda beşinci olub.
Aprelin 7-də keçirilən cüdo yarışlarında çəkisi 90 kq çəki dərəcəsində yarışan Tofiq Məmmədov qızıl, ikiqat paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə gümüş medal qazanıblar.
Oyunlara aprelin 10-da yekun vurulacaq.

Xəbər 3532 dəfə oxundu.