Güllə atıcılarımızın iştirakının da nəzərdə tutulduğu Avropa çempionatı ləğv olunub
Finlandiyada keçirilməsi nəzərdə tutulan güllə atıcılığı üzrə Avropa çempionatı ləğv olunub.

Bu barədə Avropa Atıcılıq Konfederasiyasının saytında məlumat verilib. Lohya şəhərində fevralın 26-dan martın 6-dək keçirilməli olan yarış koronavirus pandemiyası səbəbindən baş tutmayacaq. Məlumatda bildirilir ki, yarışın başqa tarixə keçirilməsi müzakirə ediləcək. Qitə çempionatının keçirilməsi mümkün olmayacağı təqdirdə, “Tokio-2020” üçün kvota yerləri Beynəlxalq Olimpiya Komitəsinin təsdiq etdiyi təsnifat sisteminə uyğun olaraq ötən il may ayına olan Avropa reytinqinə görə ayrılacaq.

Qitə çempionatında güllə atıcılarımızın iştirakı da nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Xəbər 476 dəfə oxundu.