Kompüter oyunları üzrə XIV milli çempionat başlayır
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı, ölkədə yeganə qanuni mərc oyunu "Topaz"ın tərəfdaşlığı ilə 2021-ci ilin ilk turnirinə start verilib.

Ötən il başlayan "DOTA 2" kompüter oyunları üzrə XIV milli çempionatın yeni ildə ilk turnirində 12 komanda mübarizə aparır.

Reqlamentə əsasən, komandalar bir-biri ilə qarşılaşacaqlar. Məğlub olan kollektiv aşağı səbətdə mübarizəni davam etdirəcək. Buna baxmayaraq, ilk mərhələdə uduzan komandalar əsas finalda (Grand Final) iştirak etmək şansını itirməyəcəklər.

Yarışın ümumi mükafat fondu 1750 manat təşkil edir. Qalib komanda 1000 manat məbləğində mükafat qazanacaq. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq 500 və 250 manat əldə edəcək.

Yarışı “Twitch”: glahub, “Instagram” Glahub səhifələrində canlı izləmək mümkündür.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Xəbər 391 dəfə oxundu.