Soçi Olimpiadasında yeni növlər olacaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bəyan edib ki, 2014-cü ildə Soçidə keçiriləcək qış Olimpiya oyunlarının proqramına altı yeni yarış növü əlavə ediləcək. Bu barədə BOK icraiyyə komitəsinin Londonda keçirilmiş toplantısında qərar qəbul olunub. Qərar Olimpiya proqramı üzrə komissiyanın 2010-cu ilin oktyabr ayında Akapulkoda BOK-un Şurasına təqdim etdiyi məruzənin yekunlarına görə qəbul olunub.
Olimpiada proqramına daxil olunmuş yeni yarış növləri bunlardır: kişi və qadın xizəkçilər arasında fristayl yarışında haf-payl üzrə mübarizə, qadınların xizəklə tramplindən tullanması, fiqurlu konkisürənlərin bir-birinin ardınca çıxış etdikləri komanda yarışları, kirşə idmanı estafeti və biatlonda qarışıq estafet.
Beləliklə, 8 əlavə mükafat dəsti uğrunda yarışlar keçiriləcək. Mükafatların ümumi sayı 94-ə çatacaq.
BOK-dan bildiriblər ki, bu növlərin artırılması yarışların tamaşalılığını artırmaq, yarışlara gəncləri cəlb etmək və kişi və qadın idmançılar arasında balans yaratmaq məqsədi daşıyır.
Qadınların tramplin yarışlarının hələ ötənilki Vankuver olimpiadasının proqramına salınması cəhdləri olmuşdu. BOK rəsmiləri bu növdə yüksək səviyyəli qadın idmançıların azlığını əsas gətirərək, təklifi qəbul etməmişdilər. Kanada ali məhkəməsinə müraciətləri də bəhrə verməyən idmançılar BOK nümayəndələrini fikirlərindən döndərmək üçün martın əvvəllərində Osloda keçirilən dünya çempionatında duman və güclü külək şəraitində çıxışlarını nümayiş etdirərək, istəklərinə nail olublar.
Yeni növlərin qış olimpiya proqramına salınmasına BOK prezidenti Jak Rogg da öz münasibətini açıqlayıb: «Bu növlərin proqrama daxil edilməsini həm idmançılar, həm də azarkeşlər dəyərləndirə biləcəklər. Bunlar çox cəlbedici və maraqlı idman növləridir. Onlar olimpiadanın hazırkı idman proqramını zənginləşdirəcək və oyunlara qatılan qadın idmançıların sayının artmasına səbəb olacaq».
Toplantıda snoubordun sloupstayl və dağ xizəkçiliyinin fristayl növləri ilə bağlı müraciətlərə baxılsa da, hələ ki, müsbət rəy bildirilməyib və onların müzakirəsi növbəti dəfəyə saxlanılıb. Bu növlərin texniki tərəfləri əlavə öyrənildikdən sonra yekun qərar mayın sonu və ya iyunun əvvəlində veriləcək.
Biatlonçuların qarışıq komanda yarışında iki qadın (hərəsi 6 km) və iki kişi (hərəsi 7,5 km) idmançı mübarizə aparacaq. Komanda kirşə yarışlarına kişilərin və qadınların tək çıxışları daxildir.
Fiqurlu konkisürmənin komanda yarışında heyətə 6 idmançı daxil olacaq – tək çıxış edən bir qadın və bir kişi, eləcə də iki cütlük. Bu qaydada ilk mötəbər beynəlxalq yarış 2009-cu ildə Tokioda keçirilib. O zaman qalib adını ABŞ təmsilçiləri qazanmışdılar. Builki analoji yarışın Yokohamada keçirilməsi planlaşdırılırdı. Lakin Yaponiyadakı məlum zəlzələ və sunami bunu təxirə saldı.

Xəbər 1706 dəfə oxundu.