Vətən müharibəsinin iştirakçısı olan idman jurnalistləri ilə görüş keçirilib
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) İdarə Heyəti Vətən müharibəsində iştirak etmiş idman jurnalistləri - Anar Miriyev (“İki sahil” qəzeti), Mehman Əşrəfov (Sportal.az) və Süleyman Vəliyevlə (CBC Sport) görüş keçirib.

Tədbiri giriş sözü ilə açan AİJF-nin prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində iştirakın böyük şərəf olduğunu vurğulayaraq idman jurnalistlərinə təşəkkür edib. AİJF rəhbəri döyüşlərdə iştirak etmiş media nümayəndələrinə bundan sonrakı peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Müharibə iştirakçıları AİJF rəhbərliyinə təşəkkür edərək şəhid olmuş döyüş yoldaşlarını xatırlayıb, onları anıblar. Döyüş iştirakçısı olan jurnalistlər zəfər tarixinin bir parçası olmağıyla şərəf duyduqlarını qeyd ediblər. Həmçinin, idman junalistləri döyüş xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər.

Görüşdə Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinə AİJF-nin “İdman mediasının fəxri” mükafatı, xatirə hədiyyəsi və Azərbaycanın ilk milli idman geyim brendi “İL AZERO”dan forma da təqdim edilib.

Xəbər 553 dəfə oxundu.