Uşaq paralimpiya hərəkatının regionlarda inkişafına dair işlər davam etdirilir
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafına dair müxtəlif layihələrin həyata keçirilməsini davam etdirir.

Yanvarın 8-də Şahdağ Turizm Mərkəzində “Uşaq paralimpiya hərəkatının inkişafı” layihəsi çərçivəsində idmançılar və onların valideynləri ilə görüş keçirilib. Görüşdə komitənin prezidenti İlqar Rəhimov, “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rodderiç Leffer və Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev iştirak ediblər.

Tədbirdə İlqar Rəhimov ölkəmizdə uşaq paralimpiya hərəkatının inkişafının komitənin strateji istiqamətlərindən biri olduğunu qeyd edib: “Yarandığı gündən yüzlərlə fiziki məhdudiyyətli uşağı ətrafımıza toplaya bilmişik. Sevindirici haldır ki, övladlarını cəmiyyətdən gizlədən valideynlər bu gün artıq özləri bizə müraciət etməyə başlayıblar. Hesab edirəm ki, bu, bizim ən böyük qələbəmizdir”.

İ.Rəhimov, eyni zamanda, ölkəmizdə qış idman növlərinin inkişaf etdirilməsi ilə əlaqədar görülmüş işlərlə bağlı iştirakçılara məlumat verib və yaradılmış şəraitə görə Şahdağ Turizm Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.

Rodderiç Leffer deyib ki, bir il əvvəl AMPK ilə imzalanmış Anlaşma Memorandumuna əsasən işlər davam etdirilir. Mərkəz qış idman növünün Azərbaycanda inkişaf etdirilməsi və uşaqlar üçün lazımi bütün şəraitin yaradılması üçün əlindən gələni edəcək.

Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayev rayonda belə layihələrin baş tutmasının sevindirici hal olduğunu bildirib. O, icra hakimiyyətinin gələcəkdə də müxtəlif layihələrin həyata keçirilməsinə dəstək göstərəcəyini vurğulayıb.

Xəbər 430 dəfə oxundu.