ABŞ millisi beşinci dəfə dünya birinciliyinin qalibi olub
İyirmi yaşadək hokkeyçilər arasında dünya birinciliyinə yekun vurulub.

Kanadada təşkil olunan yarışda meydan sahibləri uğursuzluğa düçar olub. Turnirin əsas favoritlərindən olan Rusiya millisi də mükafatsız qalıb.

Yarımfinalda Kanada seçməsinə 0:5 hesabı ilə məğlub olan Rusiya millisi 3-cü yer uğrunda görüşdə də uğursuzluqla üzləşib. Son iki dünya birinciliyində bir gümüş və bir bürünc medal qazanan şimal qonşularımız bu dəfəki yarışı mükafatsız başa vurublar. Finlandiya seçməsinin 4 qoluna ruslar bir dəfə cavab veriblər.

Beləliklə, 2019-cu ildə çempion olan Finlandiya komandası birillik fasilədən sonra hesabına daha bir medal yazdırıb.

Final görüşünə gəlincə, bu mövsüm daha parlaq oyunla yadda qalan Kanada yığmasının qələbə qazanmaq imkanları yüksək qiymətləndirilirdi. Lakin ehtimalları alt-üst edən ABŞ millisi rəqibini məğlub edib. İlk periodda Turkottun, fasilədən sonra isə Zeqrasın qolu ABŞ komandasına 2:0 hesablı qələbə qazandırıb. Bununla da ABŞ yığması tarixində 5-ci dəfə dünya birinciliyinin qalibi olub.

Xəbər 402 dəfə oxundu.