Güləş yığmalarımız qarşıdakı yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start veriblər
Güləş yığmalarımız qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start veriblər.

Sərbəst güləş üzrə millimiz baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda təlim-məşq toplanışına başlayıb. Yanvarın 4-dən etibarən komandamız gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək.

Digər millilərimiz isə təlim-məşq toplanışı keçmək üçün İstanbula yollanıb. Qadınlardan ibarət yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komanda ilə birgə hazırlıq keçəcək. Yunan-Roma güləşi üzrə millimiz də Türkiyə yığması ilə birgə hazırlıq prosesində iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yanvarın 6-da start götürəcək birgə toplanış on gün davam edəcək.

Xəbər 428 dəfə oxundu.