“Avro-2023”: Azərbaycan millisi püşk zamanı beşinci səbətdə yer alacaq
İyirmi bir yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək “Avro-2023”ün seçmə mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Püşkatma mərasimi yanvarın 28-də İsveçrənin Nyon şəhərində baş tutacaq. Bakı vaxtı ilə saat 13:00-da başlayacaq püşkatmada 53 komandanın rəqibi bilinəcək.

Püşkatma zamanı komandalar 9 qrupa bölünəcək. Səkkiz qrupda 6, bir qrupda isə 5 komanda mübarizə aparacaq. Doqquz qrup qalibi və ən yaxşı nəticə göstərən ikinci yerin sahibi final mərhələsinə birbaşa yollanacaq. Digər 8 qrupun ikinciləri 4 vəsiqə üçün 2022-ci ilin sentyabrında pley-off oyunları keçirəcəklər.

Azərbaycan millisi püşk zamanı 5-ci səbətdə Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları və Latviya yığmaları ilə birgə yer alacaq.

Qeyd edək ki, seçmə mərhələ bu ilin martından gələn ilin iyununadək keçiriləcək. Final mərhələsi isə 2023-cü ilin iyun-iyul aylarında baş tutacaq.

Xəbər 390 dəfə oxundu.