“Mercedes” Hamiltonla müqavilə müddətini yeniləməyə hazırlaşır
Son vaxtlar Formula 1-də əsas müzakirə mövzularından biri də yeddiqat dünya çempionu Luis Hamiltonun “Mercedes”lə müqavilə müddətini yeniləmək məsələsidir.

Tərəflər arasında danışıqlar prosesi davam etdiyindən bu problem hələ də qaydasına qoyulmayıb. Deyəsən, məsələ həllini tapmaq üzrədir. L.Hamilton “Mercedes”lə müqavilə müddətini yeniləyəcək.

Avropa mətbuatının məlumatına görə, yaxın 5 həftə ərzində bu barədə rəsmi açıqlama veriləcək. Bəzi mənbələr L.Hamiltonun “Mercedes”lə yeni ikiillik müqavilə imzalayacağını yazır. Bu müddət ərzində çempionluq müqabilində bonuslar da nəzərə alınmaqla britaniyalı pilot 70 milyon avro qazanacaq.

Xatırladaq ki, bir müddət əvvəl xarici mətbuat Hamiltonun “Mercedes” rəhbərliyindən dördillik müqavilə tələb etdiyini yazırdı. Pilot bunun müqabilində hər il 50 milyon avro qazanmaq istəyirdi. Amma “Mercedes” komandasının tabe olduğu “Daymler” kompaniyası bu müqavilənin imzalanmasının əleyhinə çıxmışdı. Məsələ ondadır, şirkət qarşıdakı 4 il ərzində Luisin formasını qoruyacağına əmin deyil. Hər halda 35 yaşlı pilotla böyük məvacib qarşılığında dördillik müqavilə imzalamaq risklidir.

Xəbər 424 dəfə oxundu.