Nazim Axundov
Azərbaycan idman və tibb ictimaiyyətinə ağır itki üz verib. Tibb elmləri namizədi, dosent, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” kafedrasının müdiri Nazim Axundov ömrünün 68-ci ilində vəfat edib.

Nazim Axundov 1952-ci ilin mayın 15-də anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhəri 5 nömrəli poliklinikanın “təxirəsalınmaz yardım” kabinetində tibb qardaşı vəzifəsindən başlayıb. 1975-1976-cı illərdə həmin xəstəxanada həkim-intern kimi çalışıb.

İnternaturanı bitirdikdən sonra, aldığı təyinata əsasən, Salyan rayonunun psixiatriya xəstəxanasında fəaliyyətə başlayıb və 1978-ci ilin sonuna qədər bu xəstəxanada şöbə müdiri vəzifəsində çalışıb.

1986-cı ildən 2006-cı ilə qədər və 2014-2015-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasının dosenti vəzifəsində çalışıb. 40-dan çox elmi əsərin müəllifidir.

1980-1990-cı illərdə ermənilər tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı aparılan təcavüz nəticəsində çox sayda psixoloji stres keçirmiş və psixoloji yardıma ehtiyacı olan qaçqın və məcburi köçkün mövcud idi. Bununla əlaqədar əsas iş ilə yanaşı 1995-2002-ci illərdə humanitar sektorda, yerli və beynəlxalq təşkilatlarla psixo-sosial yardımla və təlimlərlə məşğul olub (1995-2001 - “Buta” Uşaq Humanitar Fondu və “Norveç qaçqınlar şurası - NRC”; Danimarka qaçqınlar şurası - DRC; Aypara; Beynəlxalq qırmızı xaç təşkilatı - IFRC və s.).

2006-2012-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzində psixiatr-ekspert kimi fəaliyyətdə olub. 2012-2014-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinin direktor müavini işləyib.

2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində baş mütəxəssisi kimi çalışıb.

Nazim Axundov 2018-ci ildən başlayaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman tibbi və reabilitasiya” kafedrasının müdiri vəzifəsində çalışıb.

Nazim Axundovun əziz xatirəsi onu tanıyanların, idman və tibb ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyası


Xəbər 934 dəfə oxundu.