Musa Süleyman oğlu Həsənov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Musa Həsənov ömrünün 57-ci ilində vəfat edib.

Musa Həsənov 1963-cü ildə noyabrın 12-də anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirdikdən sonra, əmək fəaliyyətinə 1984-cü ildə Sumqayıt Superfosfat zavodunda fəhləlikdən başlayıb. Həmin zavodun Komsomol komitəsinin katibi vəzifəsində, daha sonra isə Sumqayıt şəhər Komsomol komitəsində şöbə müdiri, Azərbaycan Gənclər İttifaqı Sumqayıt şəhər məclisinin sədri vəzifələrində çalışıb.

1994-2014-cü illərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

2003-cü ildə "Tərəqqi” medalı ilə təltif edilib. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” adına layiq görülüb.

2014-cü ilin dekabr ayında Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt Bələdiyyəsinin 21 yanvar 2015-ci il tarixli ilk iclasında isə Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib. 2019-cu ilin dekabrından etibarən Sumqayıt Bələdiyyəsinin üzvü, 2020-ci ilin yanvarından isə Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb.

Musa Həsənovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi




Xəbər 606 dəfə oxundu.