Çin şirkətləri COVID-19-a qarşı 400 milyon doza peyvənd ixrac edəcək
Çinin peyvənd istehsalçıları COVID-19 infeksiyasına qarşı 400 milyon doza vaksinin müqavilələr üzrə xaricə satışını həyata keçirəcək.

Türkiyə, İndoneziya, Braziliya, Çili, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Mərakeş, Sinqapur və Bəhreyn Çin peyvəndi alan və ya sifariş edən ölkələrdir. Bu ölkələrin bir neçəsində Çin istehsalı olan peyvəndlərin 3-cü mərhələ kliniki sınaqları keçirilib və ciddi əks-təsir qeydə alınmayıb. "Sinopharm", "Sinovac Biotech" və "CanSino Biologics" şirkətlərinin istehsalı olan vaksinlərin ilk partiyaları artıq sifarişçi ölkələrə çatdırılıb.

Qeyd edək ki, Çin COVID-19 əleyhinə vaksinlərin istehsalı və mərkəzləşdirilmiş tədarükü üçün yaradılan COVAX təşəbbüsünə oktyabrda özünü maliyyələşdirən ölkə kimi qoşulub. Çin şirkətlərinin istehsalı olan və xaricə satışı həyata keçirilən COVID-19 vaksinlərinin hər üçü təsirsiz hala gətirilmiş (inaktivləşmiş) peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Xəbər 410 dəfə oxundu.