Formula 1 Avstraliya Qran-Prisi təxirə salına bilər
Koronavirus pandemiyası növbəti mövsüm də Formula 1-in planlarına mənfi təsir göstərəcək. Xüsusən də, mövsümün ilk yarışının təşkilatçılığı ilə bağlı problemlər yaranıb.

Formula 1-də yeni mövsüm martın 28-də Bəhreyn Qran-Prisi ilə start götürə bilər. Buna səbəb martın 21-nə planlaşdırılan Avstraliya Qran-Prisinin təxirə salınmaq ehtimalıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Auto Motor und Sport” nəşrinin yazdığına görə, hazırda Avstraliyada koronavirus pandemiyasının sürətlə yayılması ölkədə vəziyyəti ağırlaşdırıb. Martadək vəziyyətin qaydasına düşəcəyinə təminat verə bilməyən təşkilatçılar Formula 1-dən Qran-Prinin təxirə salınmasını xahiş edib.

Hazırkı qaydalara görə, Avstraliyaya səfər edənlər iki həftə karantində qalmalıdır. Bunu Avstraliya açıq tennis turnirinin iştirakçılarına tətbiq etmək mümkün olacaqsa, Formula 1 iştirakçılarının iki həftə Melburnda karantində qalmaq ehtimalı aşağıdır. Bunu nəzərə alan Qran-Pri təşkilatçıları yarışı başqa tarixə keçirməkdə maraqlıdır.

Cari mövsüm Avstraliya Qran-Prisi yarışın startına 1 saat qalmış ləğv edilmişdi.

Xəbər 398 dəfə oxundu.