Olimpiyaçılarımız son hazırlıq mərhələsində
London Yay olimpiya oyunlarında ölkəmizə medal qazandırmaq gücündə olan bəzi milli komandalarımızın son hazırlıq planları ölkə mətbuatına açıqlanıb. Təlim-məşqlərdə lisenziyaçılarımızın əsasən ikitərəfli görüşlərinə və fiziki çalışmalarana fikir verən mütəxəssislərimiz, onların vəziyyətinin yüksək səviyyədə olduğunu bildiriblər. Böyük Britaniya paytaxtında təşkil olunacaq olimpiadaya ilk dəfə böyük qüvvə (50 idmançıdan yuxarı böyük heyət sayılır) çıxaran Azərbaycan mililsi, orada tarixi qələbə qazanmaq niyyətindədir. İndiyədək ən yaxşı nəticəmiz Sidney oyunları hesab olunur. Avstraliyada olimpiyaçlarımız 2 qızıl və 1 bürünc medal qazanmışdılar. Ən geniş tərkibdə təmsil olunduğumuz olimpiada isə Pekindir – 44 idmançı.

Qəbələdə, təlim-məşq toplanışında

Londonda keçiriləcək 30-cu Olimpiadada ölkəmizi təmsil edəcək taekvondoçular Qəbələ rayonunda təlim-məşq toplanışındadırlar. Milli komandanın məşqçisi Elnur Amanov bildirib ki, iyunun 22-dən başlayaraq “Qafqaz Sport” mehmanxanasının idman bazasındakı təlim-məşq toplanışına olimpiadaya lisenziya qazananlar - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq), eləcə də yığma komandamızın 6 oğlan və 4 qız üzvü cəlb olunub. Oyunlarda Ukraynanı təmsil edəcək taekvondoçu Marina Koniyeva (67 kq) da hazırda Azərbaycan idmançıları ilə birgə məşq edir. Rusiyanın, biri lisenziyalı olmaqla, 5 idmançısı da Azərbaycan taekvondoçuları ilə birgə 10 günlük təlim-məşqlərini başa vuraraq, geri qayıdıblar.
Gənc mütəxəssis deyib:
- Biz olimpiadada idmançılarımıza böyük ümid bəsləyirik. Burada təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunub. Taekvondoçularımızın fiziki hazırlığına diqqət yetirir, onların yarışlarda buraxdığı səhvlərin gələcəkdə təkrarlanmaması üçün təlim keçirik.
Qeyd edək ki, millimiz koreyalı baş məşqçi Con Con Bayın rəhbərliyi ilə, gündə 2 dəfə, ümumilikdə 4 saat təlim-məşqlərə qatılırlar. Hazırlıq avqustun 1-dək davam edəcək. Olimpiyaçılarımız gələn ayın 4-də Londona yola düşəcəklər.

Barselonadan İsmayıllıya

Ölkəmizin cüdoçulardan ibarət milli komandası London olimpiadasına hazırlığın həlledici mərhələsinə başlayıb. Seçmə kollektiv Barselonada keçirilmiş təlim-məşq toplantısından sonra İsmayıllıya gəlib. Burada millimiz taktiki-texniki və fiziki çalışmalar üzərində işləyir. Adı çəkilən hazırlıqda bütün olimpiyaçı cüdoçularımız - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) iştirak edirlər.
Ötən gün, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov London oyunlarında iştirak edəcək cüdoçularla görüşüb. Federasiya rəhbəri, fikir mübadiləsində idmanın inkişafı üçün müasir infrastrukturun, o cümlədən, regionlarda yeni olimpiya idman komplekslərinin tikilməsini vurğulayıb; yaxın vaxtlarda Bakıda Cüdo kompleksinin də inşasına başlanacağını nəzərə çatdırıb.
Qeyd olunub ki, müxtəlif beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil edən cüdoçularımız son 5 ildə 1116 qızıl, 829 gümüş, 1056 bürünc medal qazanıblar. Yalnız 2011-ci il ərzində idmançılarımız 270 qızıl və ümumilikdə 705 medala sahib çıxıblar.
Görüşdə çıxış edən cüdoçular Azərbaycanın idman salnaməsini yeni Olimpiya qələbələri ilə daha da zənginləşdirəcəklərinə söz veriblər.

İtaliya və İrlandiya komandaları ilə bir arada

Rinq ustalarımız İtaliyanın Assizi şəhəridə təlim-məşq toplanışındadır. Boks Federasiyasından idman.com.az saytına verilən məlumata görə, hazırlığa baş məşqçi Nəriman Abdullayev və məşqçi Rasim Məmmədovun rəhbərliyi ilə olimpiadaya vəsiqə qazanmış 7 boksçumuz – Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qatılıblar. Appenində İtaliya və İrlandiya komandaları da məşq edirlər. Yerli kollektvin heyətində oyunlara vəsiqə qazanmış 7 idmançı - Manuel Kappai (49 kq), Vinçenzo Pikardi (52 kq), Vittorio Parinello (56 kq), Domeniko Valentino (60 kq), Vinçenzo Mangiakapre (64 kq), Klemente Russo (91 kq) və Roberto Kamarelle (+91 kq) məşq edir. Bundan başqa, sparrinq-tərəfdaş kimi daha 6 italiyalı boksçu hazırlığa cəlb edilib.
İrlandiya komandasında isə Londona yollanacaq 5 boksçu - Patrik Barnes (49 kq), Maykl Konlan (52 kq), Cohn Nevin (56 kq), Adam Nolan (69 kq), Darren Onill (75 kq) təlim-məşq toplanışındadır. Qadınlar arasında dəfələrlə dünya çempionu olan irlandiyalı Keti Teylor da (60 kq) Assizidə hazırlıq keçənlər arasındadır.
Qeyd edək ki, komandamız iyulun 19-da Bakıya qayıdacaq, bundan 6 gün sonra isə Böyük Britaniyaya yollanacaq.

İlk hadisə

Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız 4-illiyin zirvə yarışına hazırlıq məqsədilə Qəbələ və Qusar rayonlarında son hazırlığa start veriblər. Baş məşqçi Seypulla Absəidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə iyulun 3-dən Qəbələdə təlim-məşq toplantısına başlamış «sərbəstlər»in heyətinə olimpiya oyunlarında iştirak edəcək bütün güləşçilərimiz, eləcə də onların çəki dərəcələrindəkı sparrinq-rəqiblər daxil ediliblər. Bundan başqa, bu ilin sentyabrında Taylandda keçiriləcək gənclərin dünya çempionatına hazırlaşan gənc güləşçilərimiz də Qəbələdə əsas yığma ilə birgə hazırlıq keçirlər. Təlim-məşq toplanışı iyulun 21-dək davam edəcək.
Olimpiya oyunlarının sərbəst güləş yarışlarında Azərbaycan 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində təmsil olunacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamız olimpiadaya hazırlıq məqsədi ilə sonuncu tədbirlər planına əsasən, iyulun 4-dən 24-dək Qusarda, baş məşqçi Saleh Bora və böyük məşqçi Şaban Donatın rəhbərliyi ilə çalışırlar. Londonda 55, 60, 74, 84 və 96 kq çəki dərəcələrində çıxış edəcək yunan-Roma yığmamızın lider idmançılarına hazırlıqda həmin çəkilərdəki bütün tanınmış güləşçilərimiz kömək edirlər.
Pəhləvanlarımızın hazırlığını yaxından izləmək, baş verə biləcək hər hansı çatışmazlığı anında həll etmək məqsədi ilə AGF-in baş katibi Əjdər Cəfərov ayın əvvəlindən şimal bölgəsindədir. Bu, ölkə güləşi tarixində ilk belə hadisədir. İndiyədək federasiya rəhbərliyi nəzarəti birbaşa deyil, paytaxtdan edirdilər. Qarşıya ciddi məqsəd qoyan AGF bu dəfə daha yüksək uğur qazanmağı hədəfləyib. Hələliksə, böyük qələbə Namiq Abdullayev (Sidney) və Fərid Mansurovun (Afina) timsalında 1 qızıl medal olub.

Kamran HACI, «İdman» qəzeti

Xəbər 1326 dəfə oxundu.