“Tokio-2020”nin təşkilatçıları bütün sponsorlarla müqavilələri yeniləyiblər
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları bütün sponsorlarla müqavilələri yeniləyiblər.

Bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin rəhbəri Yoşiro Mori keçirdiyi mətbuat konfransında məlumat verib.

O deyib ki, Tokio Oyunları olimpiadalar tarixində sponsorluq edən firmalardan ən böyük dəstəyi alıb və bu əməkdaşlıq 68 sponsorun hamısı ilə davam etdiriləcək.

Qeyd edək ki, bu həftənin əvvəlində Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi təsdiqlənib. Belə ki, yarışın təxirə salınması və koronavirusa qarşı tədbirlərlə əlaqədar əlavə xərclər təxminən 3 milyard dollar artıb. Bu mötəbər idman turnirinin büdcəsi hazırda 15,9 milyard dollar təşkil edir.

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il təxirə salınıb və 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər 604 dəfə oxundu.