Bu gün “Counter Strike: Global Offensive” oyunu üzrə “Xarı bülbül” beynəlxalq turniri start götürür
Dekabrın 24-də Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “Counter Strike: Global Offensive” oyunu üzrə “Xarı bülbül” adlı beynəlxalq turnir start götürür.

Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və Özbəkistan təmsilçiləri də iştirak edəcəklər. Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Bu turnirə həmin ölkələrin milli seçmə turnirlərinin qalibləri qatılacaqlar.

Turnirin təşkilatçısı “Gaming League Azerbaijan”ın rəhbəri Adil Mahmudovun yarışın əhəmiyyəti barədə danışıb: "Xarı Bülbül" bizim 2020-ci ildə son yarışımız olacaq. Bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Xarı Bülbül Qarabağın milli simvoludur. Məhz buna görə yarışa bu ad seçilib. Turnir beynəlxalq çərçivədə təşkil olunur.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiber idman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiber idman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Xəbər 387 dəfə oxundu.