Dünya Güləş Birliyi 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib
Dünya Güləş Birliyi (UWW) 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib.

Buna səbəb pandemiyanın daha da güclənməsidir. Daha əvvəl yanvarda keçirilməsi planlaşdırılan Matteo Pellikone turniri mart ayına təxirə salınıb. Reytinq xarakterli yarış martın 4-dən 7-dək İtaliyanın paytaxtı Romada keçiriləcək.

Fevralda təşkili nəzərdə tutulan Avropa çempionatı isə apreldə baş tutacaq. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitənin ən güclü güləşçiləri müəyyənləşəcək. Varşavada reytinq xarakterli turnir də keçiriləcək. Bu yarış isə iyunun 8-13-də təşkil olunacaq.

Gələn ilin ilk lisenziya yarışı sayılan Avropa Olimpiya Təsnifat turniri öz vaxtında – martın 18-21-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Ancaq Dünya Olimpiya Təsnifat turniri daha əvvəl açıqlanan tarixdən bir həftə sonra baş tutacaq. Belə ki, Olimpiadaya son lisenziyaların veriləcəyi yarış mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada reallaşacaq.

Qeyd edək ki, gələn ilin ilk beynəlxalq yarışları yanvarın ortalarında Fransa (Nitsa) və Xorvatiyada (Zaqreb) keçiriləcək Qran-Pri turnirləri olacaq.

Xəbər 413 dəfə oxundu.