Futbol üzrə Azərbaycan çempionatının XIII turunun oyunlarına hakim təyinatları açıqlanıb
Dekabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Azsport.az Peşəkar Futbol Federasiyasının saytına (PFL) istinadla xəbər verir ki, turun bütün görüşləri bir gün - dekabrın 24-də baş tutacaq. Üç qarşılaşma eyni saatda - 16:00-da başlayacaq. “ASCO Arena”da keçiriləcək “Səbail” – “Qəbələ” oyununu Əliyar Ağayev idarə edəcək. “Sumqayıt” – “Sabah” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Görüş “Kapital Bank Arena”da stadionunda oynanılacaq. Son çempion “Qarabağ” klubu “Azersun Arena”da “Zirə” komandasını qəbul edəcək. Həmin görüşdə baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Tura “Neftçi” - “Keşlə” oyunu ilə yekun vurulacaq. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, 12 turdan sonra turnir cədvəlinə 21 xalla “Neftçi” klubu başçılıq edir. Aktivində 20 xalı olan “Qarabağ” və “Zirə” ikinci və üçüncü yerləri bölüşür, 16 xalı olan “Sumqayıt” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Səbail” (13), “Keşlə” (13), “Qəbələ” (12) və “Sabah” (10) yer alıblar.

Xəbər 303 dəfə oxundu.