Gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının büdcəsi artırılıb
Gələn il Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya və Paralimpiya Oyunlarının ümumi büdcəsi yarışların vaxtının dəyişdirilməsi ilə əlaqədar 15,8 milyard dollaradək artırılıb.

Bu barədə dekabrın 22-də Kyodo agentliyi məlumat yayıb.

Tokioda Olimpiya və Paralimpiya Oyunları 2020-ci ildə keçirilməli olsa da, koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu səbəbdən yarışların ümumi büdcəsi 294 milyard yen (təqribən 2,85 milyard dollar) artırılıb. Bu məbləğin böyük əksəriyyəti idman obyektlərində şəraitin saxlanmasına və Olimpiya şəhərciyində xidmətə sərf olunacaq. Təqribən 96 milyard yen (931 milyon dollar) məbləğində vəsait isə koronavirus infeksiyasının qarşısının alınmasına yönəldiləcək.

Qeyd edək ki, yarışların təşkili ilə əlaqədar xərclərin 721 milyard yeni (6,97 milyard dollar) təşkilat komitəsi, 702 milyardı (6,787 milyard dollar) Tokio administrasiyası, qalan məbləğ isə Yaponiya hökuməti tərəfindən qarşılanacaq. Beynəlxalq Olimpiya Komitəsi isə idman yerişi üzrə yarışların Tokiodan Sapporoya dəyişdirilməsi ilə bağlı 20 milyard yen (193 milyon dollar) məbləğində məsrəfi öz üzərinə götürüb. Yarışların Sapporoya dəyişdirləməsinin səbəbi isə həmin vaxt Tokioda güclü istilərin gözlənilməsi ilə əlaqələndirilib.

Xatırladaq ki, Tokioda Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Xəbər 410 dəfə oxundu.