Üçüncü Avropa Oyunlarının proqramına daha iki idman növü əlavə edilib
Avropa Olimpiya Komitəsi (AOK) Polşanın Krakov şəhərində 2023-cü ilin yayında keçiriləcək Avropa Oyunlarının proqramına daha iki idman növünün daxil edildiyini açıqlayıb.

Müasir beşnövçülüyün ardınca taekvondo və avarçəkmənin slalom növü üzrə yarışlar da III Avropa Oyunlarının proqramında yer alacaq. İlin sonunadək oyunların proqramı tam müəyyənləşəcək.

Bundan əvvəl kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, trampilindən tullanma, idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma idman növlərinin növbəti Avropa Oyunlarının proqramına salındığı bildirilib.

Avropa Oyunları birinci dəfə 2015-ci ildə Bakıda keçirilib. Həmin yarışda medalların sayına görə Rusiya birinci, Azərbaycan ikinci, Böyük Britaniya isə üçüncü yerlərdə qərarlaşmışdı. İkinci Avropa Oyunları isə ötən il Belarusun paytaxtı Minskdə təşkil edilib. Sayca üçüncü Avropa Oyunları 2023-cü il iyunun 9-dan 24-dək keçirilməsi nəzərdə tutulub.

Xəbər 394 dəfə oxundu.