“Olimpiadada ikinci iştirakım olacaq”
“Sevindiricidir ki, bu gün milli komandada London Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış edə biləcək idmançımız çoxdur. İdman.com.az saytının məlumatına görə, bunu Azərbaycan Olimpiya millisinin ağır atleti Əfqan Bayramov deyib.

London-2012-də 69 kq çəki dərəcəsində mübarizə aparacaq Avropa çempionumuz Böyük Britaniyaya iddialı yollanacağını deyib. 29 yaşlı Bayromov Ağır Atletika Federasiyasının rəsmi saytına açıqlamasında bildirib ki, Olimpiya Oyunlarında ən pis halda bürünc medala sahib olmağa çalışacaq: “17 ildir ki, ağır atletika ilə məşğul oluram və hazırda yaxşı formadayam. Bunu Antalyadakı Avropa çempionatında əldə etdiyim nəticə də göstərdi. Əlbəttə ki, vətəninə qızıl medalla qayıtmaq hər bir idmançının məqsədidir. Ən azı “3-lüyə” düşüb, bürünc medal qazanmaq üçün çalışacağam”.

Olimpiadada sifariş verəcəyi toplam start çəkisi 335 kq olacaq Əfqanın əsas rəqibləri Briken Kalya (Albaniya), Martin Razvan (Rumıniya) və Arakel Mirzoyandır (Ermənistan).

Qeyd edək ki, dəfələrlə Azərbaycan çempionu adının qazanan Bayramov 2007 (Paris) və 2009-cu illərdə (Buxarest) Avropa çempionatlarında 4-cü yeri tutub. O, 2012-ci ildə isə qitə çempionatının (Türkiyə) qızıl medallarına sahib olub.

Xəbər 1138 dəfə oxundu.