AMADA-nın illik hesabat xarakterli mətbuat konfransı keçirilib
Dekabrın 22-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2020-ci ilin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.

Videokonfrans formatında keçirilən tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Prezident İlham Əliyev idmanın inkişafını hər zaman böyük önəm verib. Azərbaycanda idman sahəsi dövlət səviyyəsində daim diqqət mərkəzində olub. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi böyük nüfuz qazanıb. Dövlətimiz idmanın kütləviliyi qədər, onun təmiz qalması və sağlam əsaslarda inkişafına da böyük diqqət ayırır. 2016-cı ildə prezident İlham Əliyevin fərmanı ilə AMADA-nın yaradılması da bu iradəni göstərir. AMADA yarandığı 4 il ərzində ölkədə dopinq nəzarətini uğurla həyata keçirib.

2020-ci il isə antidopinq sahəsi üçün bir çox vacib hadislərələ yadda qalıb. COVİD-19 pandemiyası bu sahəyə də öz təsirini göstərib. AMADA fəaliyyətini pandemiyanın yaratdığı reallıqlar əsasında qurub. İl ərzində əsas vacib məsələlərdən biri də 2021-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi ilə bağlı hazırlıq işləri olub. Yerli qanunvericiliyin məcəlləyə uyğunlaşdırılması üçün AMADA tərəfindən “Azərbaycan Respublikası İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Qanuna bir sıra dəyişikliklər layihəsi hazırlanıb.

Əldə olunan naliyyətlər və yeniliklərdən danışan Şəfəq Hüseynli bildirib ki, il ərzində AMADA beynəlxalq səviyyədə əməkdaşlığını daha da genişləndirib. Belə ki, bu müddət ərzində Türkiyə Antidopinq Təşkilatı və Kanada Antidopinq Təşkilatı ilə saziş imzalanıb.

Bundan əlavə Beynəlxalq Test Agentliyi əldə olunan razılaşmaya əsasən AMADA beynəlxalq dopinq nəzarəti inspektorları proqramına qoşulub.

Şəfəq Hüseynli deyib ki, AMADA “Tokio 2020” Yay Olimpiya Oyunlarında təmsil olunacaq. Belə ki, qurumun iki əməkdaşı Olimpiya Oyunlarında dopinq nəzarəti prosesində iştirak edəcək.

İdmanda ədalətin bərpası və dürüst yarışan idmançıların hüquqlarının qorunması da diqqət mərkəzində olub. Antidopinq qayda pozuntusu törətmiş 6 idman növü üzrə 12 idmançının nəticələrinin ləğv edilməsi və medalların geri alınması barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.

2020-ci il ərzində idmançılardan ümumilikdə 1087 test nümunəsi götürülüb. Bunlardan 1012-i milli test proramı çərçivəsində, 75- i isə beynəlxalq sifariş əsasında olub.

Pandemiya ilə əlaqədar Test nümunələrinin götürülməsi karantin qaydalarnın tələblərin tam riayyət edilməklə həyata keçirilib. Dopinq nəzarəti inspektorları mütəmadi olaraq COVID-19 testlərinə cəlb edilib.

2020-ci il ərzində ümumilikdə 24 Antidopinq Qayda Pozuntusu işi üzrə araşdırma aparılıb.

Xəbər 411 dəfə oxundu.