Koronavirus pandemiyası hələ də Milli Hokkey Liqasının planlarını alt-üst edir
Koronavirus pandemiyası hələ də Milli Hokkey Liqasının (MHL) planlarını alt-üst edir. Yeni mövsümdən MHL-in hansı formatda keçiriləcəyini müəyyənləşdirmək problemə çevrilib.

Bunu liqanın rəhbəri Qari Bettmen də təsdiqləyib.

Yeni mövsümdə MHL komandaları oyunlarını izolə edilmiş məkanlarda keçirə bilər. Kanada və Amerika Birləşmiş Ştatlarında koronavirusun sürətlə yayılması səbəbindən bəzi komandaların oyunlarını öz meydanlarında keçirə bilməsi ilə bağlı problem yaranıb.

Mətbuata açıqlama verən Q.Bettmen vəziyyətdən çıxış yolu axtardıqlarını söyləyib: “Hazırda bizi komandaların öz meydanlarında oynayıb-oynaya bilməyəcəyi məsələsi narahat edir. Üstəlik səfərə çıxmaqla bağlı problemlər də var. Son günlər tibbi sahədə məsləhətləşmələr aparırıq. Komandaların çoxu öz arenalarında azarkeşlə oyun keçirə bilməyəcəksə, biz oyunları izolə edilmiş məkanlarda təşkil etməyə məcbur olacağıq”.

Xatırladaq ki, ötən mövsüm pandemiyaya görə MHL-də müntəzəm çempionatın oyunları yarımçıq dayandırılmışdı. Mövsümün pley-off mərhələsi isə Edmonton və Toronto şəhərlərində keçirilmişdi. MHL-də yeni mövsümün nə vaxt start götürəcəyi haqda heç bir məlumat yoxdur. Amma mətbuat çempionatın yanvarın 13-də start götürəcəyini istisna etmir.

Xəbər 299 dəfə oxundu.