Seyko Haşimoto: Yaponiya hökuməti idmanda dopinqdən istifadənin qəti əleyhinədir
Yaponiya hökuməti idmanda dopinqdən istifadəni qəbuledilməz hesab edir və gələn il Yay Olimpiya və Paralimpiya Oyunlarını bu baxımdan təmiz təşkil etməyə çalışacaq.

Bunu Yaponiyanın Olimpiya və Paralimpiya Oyunları üzrə naziri Seyko Haşimoto mətbuat konfransında bildirib. O deyib ki, dopinq idmanın dəyərini və cəlbediciliyini əhəmiyyətli dərəcədə azaldır. Müvafiq təşkilatlarla çalışmaqda davam edəcəyik və turniri dopinqsiz – təmiz keçirməyə çalışacağıq.

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya idmançılarına qarşı dörd illik sanksiya qərarını təsdiqləyib. Belə ki, rusiyalı atletlər 2022-ci ilədək dövlət bayrağı altında beynəlxalq yarışlarda iştirak edə bilməyəcəklər.

Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Pandemiya səbəbindən yarışın 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçirilməsi qərara alınıb.

Xəbər 381 dəfə oxundu.