Güləş üzrə fərdi dünya kuboku yarışları sona yaxınlaşır
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə fərdi dünya kuboku yarışları sona yaxınlaşır.

Turnirin sonuncu günündə - dekabrın 18-də güləşçimiz Əhmədnəbi Qvarzatilov (61 kq) qızıl medal uğrunda görüşə çıxacaq. Təmsilçimiz startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. Bolqarıstan və Tacikistan güləşçilərindən də güclü olan Ə.Qvarzatilov finala yüksəlib. İdmançımızın həlledici görüşdə rəqibi rusiyalı Abashacı Məhəmmədov olacaq.

Üçqat Avropa və dünya çempionu Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. Altmış beş kiloqram çəki dərəcəsində son dünya çempionu rusiyalı Hacımurad Rəşidovla görüşə əla start verən güləşçimiz 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. Üçqat dünya çempionu dörddəbir finalda qırğız güləşçi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Güləşçimiz əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. H.Əliyev bürünc medal üçün güləşəcək.

Rəşad Yusifli (79 kq) ilk görüşdə türk həmkarına məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşə çıxacaq.

Mübarizəyə dörddəbir finaldan qoşulan Şamil Zubairov (97 kq) Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Belarus təmsilçisinə yenilib və ümidini bürünc medala bağlayıb.

Dekabrın 18-də təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 18:30-da, medal qarşılaşmaları isə 21:00-da keçiriləcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Xəbər 405 dəfə oxundu.