Bakıda daha bir mötəbər tədbir keçiriləcək
Aprelin 14-15-də Bakıda Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin Bədən Tərbiyəsi və idman üzrə Şurasının iclası keçiriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən www.idman.com.az saytı xəbər verir ki, sözügedən tədbirin paytaxtımızda təşkili Şuranın hələ ötən il mayın 27-28-də Minsk şəhərində keçirilən iclasında qərara alınmışdı.

Ötən il mayın 21-də Sankt-Peterburq şəhərində keçirilmiş MDB Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş MDB-nin 20 illiyinə həsr olunmuş Tədbirlər planına uyğun olaraq, gələn həftə Bakıda olunacaq iclas məhz MDB-nin 20 illik yubileyinə həsr edilir.

Gündəliyə əsasən, iclas sədrin seçilməsi ilə başlanacaq. Bundan sonra baxılacaq digər məsələ isə MDB-nin 20 illiyinə həsr olunmuş bədən tərbiyəsi idman yarışlarının müəyyən edilməsi olacaq.

Gündəliyə əsasən iclasda Sağlam həyat tərzi və idman ilinə (2012) həsr olunacaq tədbirlər planı; MDB Hökumət Başçıları Şurasının 2011-2012-ci illər üzrə humanitar əməkdaşlıq haqqında qərarının icrası; MDB dövlətlərinin gənclər siyasəti sahəsində əməkdaşlıq strategiyası – 2020-ci ilədək gənclərin sağlam həyat tərzinin təşkili haqqında MDB Hökumət Başçıları Şurasının qərarının icrası; Əlillərin kompleks sosial bərpası proqramı; Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin Bədən Tərbiyəsi və idman üzrə Şurasının Əsasnaməsinə zəruri dəyişikliklərin edilməsi və növbəti iclasa hazırlıq məsələlərinə baxılacaq.


Xəbər 1832 dəfə oxundu.