Azərbaycan Milli Abilimpiya Federasiyası Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilib
Azərbaycan Milli Abilimpiya Federasiyası (AMAF) Beynəlxalq Abilimpiya Federasiyasına (BAF) üzv seçilib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, BAF-ın prezidenti Kazuo Tabata AMAF-ın prezidenti İlqar Rəhimova beynəlxalq quruma üzv seçilməsi ilə bağlı təbrik məktubu göndərib. K.Tabata məktubda bildirib ki, BAF üzvlərindən ibarət yığıncaqda AMAF-ın üzvlüyünə dair müraciətini rəsmi şəkildə təsdiqlənib.

K.Tabata federasiyasının BAF ilə əməkdaşlığını, onun fəaliyyətinə göstərilən dəstəyini yüksək qiymətləndirdiyini bildirib. Əməkdaşlıq fiziki məhdudiyyətli şəxslərin peşə bacarıqlarının artırılması və məşğulluğ yolu ilə sosial həyatda iştirakına çox böyük töhfə vermiş olacaq.

Azərbaycanda əlillərlə bağlı sosial proqramlara böyük diqqət və qayğı göstərilir. Bu sahədə dövlət tərəfindən böyük imkanlar yaradılıb. QHT-lərin də bu sahədə fəal olmaqları, beynəlxalq təcrübədən istifadə etmələri çox vacibdir və bu baxımdan BAF kimi nüfuzlu təşkilata üzv olmaq müsbət hal kimi qiymətləndirilir.

Abilimpiya hərəkatı 1970-ci ildə Yaponiyada yaradılıb. Bacarıqların Olimpiya hərəkatı (Olympics of Abilities) yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq federasiyaya bu gün 50-dən çox ölkə üzvdür. 1981-ci ildən başlayaraq Abilimpiya hərəkatının beynəlxalq yarışları Olimpiya Oyunları kimi dörd ildə bir dəfə müxtəlif ölkələrdə keçirilir.

Xəbər 435 dəfə oxundu.