Serxio Peres növbəti mövsümdən karyerasını “Red Bull”da davam etdirə bilər
“Reysinq Point” komandasının pilotu Serxio Peres növbəti mövsümdən karyerasını “Red Bull”da davam etdirə bilər.

Artıq Avstriya komandası ilə meksikalı pilot müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. Sadəcə, tərəflər hələ ki yekun sənədə imza atmayıblar.

S.Peres Əbu-Dabi Qran-prisində sonuncu dəfə “Reysinq Point” bolidinin sükanı arxasında əyləşib. Əslində, mövsümün əvvəlində bunun baş verəcəyini gözləməyə dəyməzdi. Sadəcə, “Ferrari” ilə vidalaşan Sebastyan Fettelin bu komanda ilə anlaşması nəticəsində rəhbərlik Pereslə əməkdaşlığa son vermək qərarına gəlib. Pereslə müqavilə imzalanacağı halda, Aleksander Albon “Red Bull”dakı yerini itirəcək. Belə ki, Tailand əsilli britaniyalı pilot nə komanda yoldaşı Maks Ferstappenlə rəqabət apara bilir, nə də ki “Red Bull” tələblərinə cavab verirdi. Hərçənd, bir müddət əvvəl A.Albonun yerinə Niko Hyulkenberqin keçəcəyi haqda söhbətlər dolaşırdı. Hətta “Red Bull”un “Uilyams”ın pilotu Corc Rassellə göz qoyduğu haqda da xəbərlər yayılmışdı. Görünür Sahir Qran-Prisində Serxio Peresin finiş xəttini birinci keçməsi Avstriya komandasının rəhbərliyini fikrindən döndərib.

Xəbər 422 dəfə oxundu.