Azərbaycan güləşcisi erməni rəqibini məğlub edərək yarımfinala adlayıb
Serbiyanın paytaxtı Belqradda guləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

İlk yarış günündə 55, 67, 72, 77 və 87 kiloqram çəki dərəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Eldəniz Əzizli (55 kq) ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub.

Millimizin üzvü İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını dörddəbir finala yazdırıb. Bu mərhələdə prinsipial görüşə çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala adlayıb. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər güləşçilərimiz Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olub.

Xəbər 454 dəfə oxundu.