Fatih Kavlak: “Sloveniyadakı ilk hazırlıq matçını arxada qoyduq”
“Sloveniyadakı ilk hazırlıq matçını arxada qoyduq. Bu qarşılaşmada məqsədimiz futbolçuların oyun tempinə uyğunlaşması prosesinə start vermək idi. Həm də futbolçuların birlikdə oynamasına, bir-birinə öyrəşməsinə ehtyac var idi ki, sözügedən qarşılaşma bunun başlanğıcı oldu”. İdman.com.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli mütəxəssis Sloveniyada baş tutan ilk yoxlama görüşündən – Çexiya təmsilçisi “Karvina” ilə (0:1) qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşüb. O, hazırlıq matçından istədiklərini aldığını söyləyib: “Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Amma müəyyən qüsurlar, çatışmazlıqlar da oldu. Belə yoxlama görüşlərini keçirməyimizdə məqsəd məhz bu qüsurları görmək və onları aradan qaldırmaqdır”.

Komandanın yaxşı fiziki durumda olduğunu deyən Kavlak heyətdəki futbolçuların, xüsusilə də yeni transferlərin onlardan gözlənən oyunu ortaya qoyduğunu bildirdi: “Komandanın fiziki durumunu bəyəndim. Oyundan 1 gün öncə və oyun günü ümumilikdə 3 məşqə çıxmışdıq. Komandadakı bütün futbolçular onlardan gözlədiyimiz oyunu ortaya qoydular. Yeni futbolçular da komandaya qısa müddətdə uyğunlaşmaları ilə diqqət çəkdilər. Sanki uzun müddətdi “Qəbələ”də oynayırlar. Matçda bizi mənfi mənada təəccübləndirin hər hansı bir hadisə yaşanmadı. Hər şey istədiyimiz kimi davam və inkişaf edir”.

Baş məşqçi qarşıdakı yoxlama görüşlərində oyun tempinin getdikcə yüksələcəyini və bu matçlarda ideal heyəti müəyyənləşdirəcəklərini söylədi: “Qarşıdakı oyunlarda temp getdikcə yüksələcək. Taktiki-texniki tapşırıqlarımızı verib bir-biri ilə anlaşan ideal heyətimizi müəyyənləşdirəcəyik. Getdikcə daha yaxşı oyun göstərib, daha yaxşı nəticələr əldə edəcəyik”.

Xəbər 879 dəfə oxundu.