WTA 2020-ci ilin ən yaxşı tennisçilərinin adlarını açıqlayıb
Qadın Tennisçilər Assosiasiyası (WTA) başa çatmaqda olan ildə fərqlənən tennisçilərin adlarını açıqlayıb.

Reytinqdə 4-cü pillədə qərarlaşan amerikalı tennisçi Sofiya Kenin “İlin ən yaxşı raketka ustası” adına layiq görülüb. Sofiyanın bu mükafatı qazanmasına Avstraliya açıq tennis turnirində çempionluğu və “Rollan Qarros” yarışında finala yüksəlməsi səbəb olub. Cütlüklərin yarışlarında mübarizə aparan qadın tennisçilər arasında isə fransalı Kristina Mladenoviçlə macar Timea Baboş fəxri mükafatı qazanıblar. Bu tandem “Australian Open” və “Rollan Qarros” turnirlərinin qalibi olub.

“İlin yüksəlişi” nominasiyasında isə 1992-ci ildən sonra “Rolan Qarros” turnirinin 19 yaşlı ən gənc qalibi olan polşalı İqa Şvöntek fərqlənib. “İlin qayıdışı” nominasiyasında Viktoriya Azarenka mükafata sahib çıxıb. Bir müddət yarışlarda iştirak etməyən 31 yaşlı belaruslu tennisçi bu mövsüm “US Open”də finala qədər yüksəlib. “İlin debütantı” nominasiyasına gəlincə, mövsümə reytinqdə 250-ci yerdən başlayıb onu 47-ci pillədə başa vuran və “Rolan Qarros”da yarımfinala qədər yüksələn argentinalı Nadya Podoroşka bu mükafata sahib çıxıb. İqa Şvöntekin çalışdırıcısı Pyotr Serpuştovski “İlin məşqçisi”, Mari Buzkova isə ilin “Feyr-pley mükafatı”nı qazanıb.

Xəbər 437 dəfə oxundu.