UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda daha bir oyun keçirilib
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun təxirə salınmış oyunu keçirilib.

H qrupunda “Paris Sen-Jermen” (Fransa) - "Başakşehir" (Türkiyə) görüşü baş tutub.

Matçın 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam etdirilib.

Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qol 21-ci dəqiqədə vurulub. Paris klubunun hücumçusu Neymar fərqlənib. Braziliyalı futbolçu 17 dəqiqə sonra dubl edib. Oyunun 42-ci dəqiqəsində Kilian Mbappe penaltidən fərqlənməklə, fərqi 3 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. Qarşılaşmanın 50-ci dəqiqəsində Neymar het-trikini rəsmiləşdirib. Yeddi dəqiqə sonra "Başakşehir" Mehmet Topalın qolu ilə fərqi azaltsa da, 62-ci dəqiqədə Mbappe 5-ci topu İstanbul təmsilçisinin qapısından keçirib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Paris Sen-Jermen” səkkizdəbir final mərhələsinə qrup lideri kimi adlayıb. Aktivində 3 xalı olan "Başakşehir" isə sonuncu pillədə qalıb. H qrupundan “Paris Sen-Jermen” ilə yanaşı, Almaniyanın "Leyptsiq" klubu da pley-offa yüksəlib. İngiltərənin "Mançester Yunayted" komandası isə mübarizəni UEFA Avropa Liqasının onaltıdabir final mərhələsində davam etdirəcək.

Xəbər 406 dəfə oxundu.