“E-milli liqa”nın ikinci mövsümü start götürür
AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə “E-milli liqa”nın ikinci mövsümü start götürür.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, bu liqa iti düşüncəli, cəld, “e-Football PES2021” konsol oyununda iddialı kiberfutbol həvəskarları üçün əsl mübarizə meydanıdır.

Futbol taktikasına və oyun təcrübəsinə güvənənlər dekabrın 28-dək www.eml.az səhifəsi vasitəsilə fərdi və ya komanda şəklində “EML Open” liqasına qeydiyyat üçün müraciət edə bilərlər. Komanda 3 nəfərdən ibarət olmalı və qeydiyyat üçün yalnız kapitan müraciət etməlidir. Fərdi müraciətçilər isə təşkilatçılar tərəfindən komandalar şəklində qruplaşdırılacaq. Çempionat “Play station” oyun konsolunda keçiriləcək.

“E-milli liqa”nın cari mövsümündə, həmçinin ilk mövsümdə yüksək nəticə göstərən komandalar, futbol üzrə Azərbaycan Premyer Liqası, Birinci Divizion, Region Liqası və digər liqalarda çıxış edən peşəkar futbol klublarının kiber komandaları da mübarizə aparacaqlar. Onlar “EML Pro” liqasında yarışacaqlar. Bundan əlavə, Peşəkar Futbol Liqası ilə əməkdaşlıq çərçivəsində Premyer Liqa klublarında çıxış edən oyunçular fərdi olaraq bir-birilərinə qarşı kiber futbolda qüvvələrini sınayacaqlar.

“EML Open” turnirində iştirak üçün hər kəs müraciət edə bilər. Bu turnir iştirakçılar üçün müəyyən imkanlar yaradır. Belə ki, peşəkar futbol klublarının kiber komandasının daimi heyətinə qatılmaq, komandaların heyətində digər beynəlxalq yarışlarda iştirak imkanı yaradacaq və bütün iştirakçılar paralel olaraq “EML League Cup”da iştirak edəcək. Burada bütün iştirakçılar - 56 komanda kubok uğrunda mübarizə aparacaq.

Xüsusi fərqlənən iştirakçı komandalar paralel olaraq “EML International”a qatılacaq. Burada onlar digər beynəlxalq klublarla qarşılaşacaqlar.

“E-milli liqa”da ilk iki yeri tutan komanda peşəkar futbol klublarının kiber komandalarının çıxış etdiyi – “EML Pro” liqasına vəsiqə qazanacaq. “EML Pro” liqasında son iki yeri tutan komandalar isə “EML Open” liqasına keçəcək.

Turnirin qalibinə sponsor və təşkilatçılar tərəfindən hədiyyələr, kubok, eləcə də pul mükafatı təqdim ediləcək. Bundan əlavə, hər tur ən çox qol vuran oyunçu üçün pul mükafatı da nəzərdə tutulub.

Turnirdə iştirak ödənişlidir.

Xatırladaq ki, bu ilin aprel ayında start götürən “E-milli liqa”nın ilk mövsümünün qalibi “Qarabağ e-Sport” komandası olub. İlk üçlüyü “Ajax Baku e-Sport” və “Neftçi e-Sport” komandaları tamamlayıblar.

Xəbər 438 dəfə oxundu.