Azərbaycanın kişi idman gimnastları Avropa çempionatında iştirak etməyəcəklər
Kişi idman gimnastikası üzrə Azərbaycan milli komandası Türkiyənin Mersin şəhərində start götürən Avropa çempionatında iştirak etməyəcək.

Buna yığma komandamızın üç üzvünün koronavirusa yoluxması səbəb olub.

Nümayəndə heyəti Mersinə yola düşməzdən əvvəl koronavirus testindən keçib və bütün üzvlərinin nəticəsi neqativ olub. Pandemiya dövründə təşkil olunan yarışlarda bir qayda olaraq Yerli Təşkilat Komitəsi təkrar test keçirir. Təəssüf ki, üç gimnastımızda artıq Mersində götürülən testin nəticəsi pozitiv olub. Hazırda onlar özlərini yaxşı hiss edirlər və sağaldıqdan sonra Bakıya qayıdacaqlar. Nümayəndə heyətimizin digər üzvlərində Mersində ardıcıl olaraq götürülmüş 2 testin nəticəsi neqativ çıxdığından onlar Bakıya qayıdacaq və karantin rejiminə riayət edəcəklər. Virusa yoluxmuş şəxslər arasında həm gənc, həm də böyük idmançılar olduğundan və testləri neqativ çıxmış gimnastların da onlarla təmas etməsi səbəbindən yığma komandamız yarışlarda iştirak etməmək məcburiyyətində qalıb.

Qeyd edək ki, idmançılarımızın gələn il aprelin 21-25-də İsveçrənin Bazel şəhərində keçiriləcək Avropa çempionatında çıxış etməsi nəzərdə tutulub.

Xəbər 437 dəfə oxundu.