Gənclər Liqasının növbəti mövsümünün yeni formatı təsdiqlənib
UEFA İcraiyyə Komitəsi futbol üzrə Gənclər Liqasının növbəti mövsümünün yeni formatını təsdiqləyib.

Qurum yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etmək istəməməsi səbəbindən formatda dəyişiklik edib.

Turnir martın 2-də 1/32 final mərhələsinin görüşləri ilə start götürəcək və raundun qalibləri 1 oyunla müəyyənləşəcək.
Sonda yarımfinala qalan komandaların iştirakı ilə “Dördlər finalı” (2021-ci il 17 - 20 may) olacaq. İlk püşkatma mərasimi yanvarın 27-də gerçəkləşəcək.

Yarışda 64 klub iştirak edəcək. Bunların 32-si əsas komandaları Çempionlar Liqasına vəsiqə qazanmış kollektivlər olacaq. Onlar Çempionlar Liqası Yolunda mübarizə aparacaqlar. Digər 32 iştirakçı isə ölkələrində çempion olan gənclər komandası olacaq ki, bunlar da Çempionlar Yolunda yarışacaqlar.

Qeyd edək ki, Gənclər Liqasında Azərbaycanı “Qəbələ”nin U-19 komandası təmsil edəcək. Azərbaycan çempionu mübarizəyə 1/32 finaldan başlayacaq.

Xəbər 456 dəfə oxundu.