Səudiyyə Ərəbistanında ilk qadın futbol liqasına start verilib
Səudiyyə Ərəbistanı futbolunda yeni bir inqilab baş verib. Ölkədə ilk qadın futbol liqasına start verilib.

Liqa martda başlamalı olsa da, koronavirus pandemiyası səbəbindən vaxtında baş tutmayıb. Artıq Riyad, Ciddə və Dammamdan 24 komandanın 600 qadın futbolçusu çoxdan gözlənilən turnirə başlayıb.

Çempionatın ümumi mükafat fondu 133 min dollardır.

Bundan əlavə, ölkədə çempionatın startı üçün 38 qadın hakim hazırlanıb.

Son beş ildə ölkədə qadınların mövqeyi kəskin şəkildə dəyişib. Belə ki, 2018-ci ildə qadınlara maşın sürmək, stadionlara, restoranlara və kinoteatrlara getmək hüququ və dövlət məktəblərindəki qadın şagirdlərin idmanla məşğul olmasına icazə verilib.

“İdman hamı üçün” (SFA) federasiyası qadın liqasını yaratmaqda məqsədin qadınlara güc vermək və onları idmanla məşğul olmağa təşviq etmək olduğunu söyləyib. Qeyd edilib ki, ölkədə qadın futbolunu tanıtmaq və qadın komandalarının beynəlxalq yarışlarda iştirakını təmin etmək üçün bir sıra tədbirlər həyata keçiriləcək.

Ötən həftə Səudiyyə Ərəbistanında qadınlar arasında ilk beynəlxalq qolf turniri də keçirilib.

Xəbər 346 dəfə oxundu.