Mixael Şumaxerin oğlu Mik Şumaxer Formula 2-nin çempionu olub
Formula 1-dən sonra daha iki avtoidman yarışında da mövsümün qalibinin adı məlum olub. Qaliblərdən biri növbəti mövsüm karyerasını elə Formula 1-də davam etdirəcək.

Mixael Şumaxerin oğlu Mik Şumaxer Formula 2-nin çempionu olub. Bəhreyndəki Sahir avtodromunda keçən mövsümün sonuncu yarışında almaniyalı pilot əsas rəqibi Kallum Aylottu qabaqlayaraq karyerasında ilk dəfə bu mükafata sahib çıxıb. Həlledici yarışda şinlərlə bağlı problem yaşadığına görə geri düşməsinə baxmayaraq, Mik yarışı 18-ci pillədə başa vurub. Bu isə onun çempionluq qazanmasına mane olmayıb. K.Aylott da şinlərlə bağlı problemlə üzləşərək Qran-Prini 10-cu yerdə başa vurub.

Növbəti mövsüm Mixael Şumaxerin oğlu Formula 1-də “Haas” komandasının heyətində debüt edəcək.

Ralli üzrə dünya çempionatında da qalib müəyyənləşib. Montsadakı yarışda fransalı pilot Sebastyan Ojye finiş xəttini birinci keçərək karyerasında 7-ci dəfə bu titulun sahibi olub. İkinci yerə Ott Tyanak, üçüncü pilləyə isə Dani Sordo sahib çıxıblar.

Xatırladaq ki, son Qran-Pridən əvvəl çempionatda lider olan Elfin Evans yarışı tamamlaya bilmədiyinə görə üstünlüyünü əldən verib. Ojyeyə çempion olmaq üçün yarışı ilk sırada bitirmək kifayət idi.

Xəbər 403 dəfə oxundu.