Məmməd Fətəli oğlu Eyvazov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov 69 yaşında vəfat edib.

Məmməd Eyvazov 1951-ci il noyabrın 17-də Quba rayonunda anadan olub. 1966-cı ildən boks idman növü ilə məşğul olmağa başlayıb. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu, 1982-ci ildə isə Marksizm-leninizm universitetini bitirib.

Müxtəlif idman təşkilatlarında rəis müavini, şöbə rəisi vəzifələrində çalışıb. 1987-1990-cı illərdə gənclərdən ibarət SSRİ boks yığma komandasının məşçisi, 1992-1995-ci illərdə Türkiyənin gənclərdən ibarət yığma komandasının baş məşqçisi, 1995-1997-ci illərdə Türkiyənin milli yığma komandasının ikinci məşqçisi, 2001-ci ildən isə Azərbaycan boks yığma komandasının baş məşqçisi vəzifələrində çalışıb.

Rəhbərlik etdiyi dövrdən 2001-ci ildən etibarən yığma komandanın üzvlərindən Şahin İmranov 2 dəfə Avropa çempionatının gümüş mükafatçısı, Ağası Məmmədov dünya çempionatının qalibi, Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı, Ruslan Xairov, Tofiq Əhmədov dünya çempionatının bürünc mükafatçıları, Fuad Aslanov Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı, Ramal Amanov dünya çempionatının gümüş, Emin Məhərrəmov isə bürünc mükafatçısı olublar. Bundan başqa, bokşçularımızdan Elçin Əlizadə dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatçısı, Samir Məmmədov, Rahib Bəylərov Avropa çempionatının gümüş mükafatçısı adını da Məmməd Eyvazovun yığmaya rəhbərlik etdiyi dövrdə qazanıblar, Şahin İmranov isə XXIX Pekin Yay Olimpiya Oyunlarında bürünc medala layiq görülüb.

M.Eyvazov idman nailiyyətlərinə görə, müxtəlif illərdə boks üzrə “SSRİ idman ustası”, “Əməkdar məşqçi”, “Beynəlxalq dərəcəli hakim” fəxri adlarına layiq görülüb.

2004-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi idi.

Məmməd Eyvazovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Xəbər 1262 dəfə oxundu.