Soydaşımız Qabil Məmmədov boks üzrə Rusiya çempionatının finalına yüksəlib
Rusiyanın Orenburq vilayətində yaşayan soydaşımız Qabil Məmmədov boks üzrə bu ölkə çempionatının final mərhələsinə yüksəlib.

Orenburqda keçirilən çempionatın yarımfinalında 63 kiloqram çəki dərəcəsində Qabil Məmmədov Tatarıstandan olan idmançı Emir Basirova qalib gəlib.

Yarımfinala çıxmaq üçün Qabil Məmmədov döyüşlərinin birində Moskva idmançısı Arman Qalstyanı məğlub edib. Həmin qarşılaşmada üç raundun nəticələrinə görə soydaşımız hakimlərin yekdil rəyinə əsasən qalib elan olunub.

Yarışların dekabrın 5-də keçiriləcək final mərhələsində o, Sankt-Peterburqdan olan İlya Popov ilə görüşəcək.

Kişilər arasında boks üzrə Rusiya çempionatı noyabrın 28-də start götürüb. Yarışların nəticələri əsasında Tokio Olimpiadasında iştirak edəcək Rusiya yığmasının tərkibi müəyyənləşdiriləcək.

Qabil Məmmədov 1994-cü ildə Orenburqda anadan olub. O, 15 ilə yaxındır peşəkar boksla məşğuldur. Rusiyanın beynəlxalq dərəcəli idman ustası olan həmyerlimiz 2018-ci və 2019-cu illərdə boks üzrə Rusiya çempionu olub.

Xəbər 438 dəfə oxundu.