Daha bir tarixi uğur
Akademik avarçəkənimiz Aleksandr Aleksandrov dünya çempionu oldu

Litvanın Trakay şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Aleksandr Aleksandrov tarixi uğura imza atıb. İdman.com.az saytının məlumatına görə, 1-nəfərlik qayıqla çıxış edən 22 yaşlı idmançımız qızıl medal qazanıb.

Avarçəkənimiz mübarizəyə seçmə yürüşdən başlayıb. Onun çıxış etdiyi qayıq tipində 27 idmançı olub. Bununla belə, Aleksandrov seçmə, 1/4 final və yarımfinal yürüşlərini də hamıdan öndə başa vurub. Finalda da o, nəinki sonadək liderliyini əldən verməyib, hətta ən yaxın izləyicisi Hubert Trjibinskini (Almaniya) 8,53 saniyə (!) geridə qoyub. Bürünc medalı isə yunanıstanlı Dionios Angelopulos (7:24.30) tutub.

Bu, ölkəmizin idman tarixində akademik avarçəkmə növündə ilk dünya çempionluğu olub. İki il öncə məhz Aleksandrov Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanmışdı. Həmin vaxt o, yalnız Almaniya təmsilçisi Karl Şultsedən geri qalmışdı. Bu nailiyyətindən sonra avarçəkənimiz növbəti eyni rəqabətdə qızıl medal qazanacağına söz vermişdi. Həmyerlimiz istəyinə növbəti il olmasa da, 2 il sonra nail olub. Həm də o, elə Almaniyanın digər təmsilçisini üstələməyi bacarıb.

Beləliklə, Aleksandr Aleksandrov iyulun 27-də start götürəcək 2012-ci il London Yay olimpiya oyunları öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu bir daha nümayiş etdirib.

Xəbər 1271 dəfə oxundu.