“Counter-Strike: Global Offensive” üzrə növbəti turnirin qalibi “Karabakh Horses” komandası olub
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin Azərbaycan Kiberidman Federasiyası tərəfindən ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə keçirilən “Counter-Strike: Global Offensive” üzrə daha bir turnir başa çatıb.

Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunan və “Qarabağ Azərbaycandır!” devizi altından keçirilən yarış gözlənildiyi kimi böyük marağa səbəb olub.

Turnirdə ümumilikdə 8 komanda – “Lankaran Heroes”, “Qakh Berkuts”, “Qobustan Stones”, “Karabakh Horses”, “Shaki Khans”, “Balakhani Oilers”, “Khizi Mountains” və “Ganja Poets” mübarizə aparıb.

Həlledici görüşdə “Karabakh Horses” və “Balakhani Oilers” komandaları üz-üzə gəliblər. Yekunda “Karabakh Horses” komandası 2:0 hesablı qələbə qazanmaqla “Qarabağ Azərbaycandır!” turnirinin çempionu adına layiq görülüb.

GLA-nın rəhbəri Adil Mahmudov mətbuata açıqlamasında turnirin yekunları ilə bağlı danışaraq deyib: “Qarabağ Azərbaycandır!” turniri gözləniləndən daha çox marağa səbəb oldu. Güzəştsiz rəqabət izlədik. Yeni nəsil gənclərdə kiberidmana yüksək maraq bizi çox sevindirir. Məhz buna görə də kiberidman həvəskarlarını yaxın günlərdə yeni yarışlarla sevindirəcəyik. Azərbaycanda kiberidman sürətlə inkişaf edir. Hər yarışda yeni iştirakçıların olması əhatə dairəsinin genişləndiyini göstərir. “Gaming League Azerbaijan” Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunan yarışların təşkilinin ənənəvi hal almasına çalışacaq”.

Qeyd edək ki, “Counter-Strike: Global Offensive” (CS:GO) şuter janrında komanda kompüter oyunudur. Seriyanın digər oyunlarında olduğu kimi, CS:GO oyununda da iştirakçılar iki komandaya – “terrorçular”a və “xüsusi təyinatlılar”a bölünürlər. Oyunun qalibi komandaların raundlar seriyasında göstərdiyi nəticələr əsasında müəyyən olunur.

Dünyanın ən populyar kiberidman növlərindən olan “Counter-Strike: Global Offensive” oyununun ən nüfuzlu yarışmaları “Meycor” çempionatları (Major Championships) və “Blast Premier” turnirləridir. Əgər 2013-cü ildə keçirilmiş “DreamHack Winter 2013” turnirinin mükafat fondu 250 min ABŞ dolları idisə, 2016-cı ildən bəri məbləğ artıq 1 milyon dollar təşkil edir. CS:GO üzrə daha bir böyük turnir – “Blast Premier” Liqasının 2020-ci ildə baş tutan turnirinin ümumi mükafat fondu isə 4 milyon 250 min ABŞ dolları olub.

Xəbər 401 dəfə oxundu.