Azərbaycan paralimpiyaçılarının London hədəfi
Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi altında Paralimpiyaçılarımızın 2012-ci il XIV London Yay Paralimpiya Oyunlarına hazırlıqları davam edir. İdman.com.az saytının məlumatına görə, 2009-cu ildən bu mötəbər yarışda Azərbaycanın idman şərəfini qoruyacaq paralimpiyaçılar gərgin iş rejimində çalışırlar ki, Vətənimiz Azərbaycanı Londonda layiqincə təmsil edə bilsinlər. Rəsmi açılışı cari ilin avqust ayında baş tutacaq Paralimpiya Oyunlarında iştirak edəcək milli komandamızı təmsil edən idmançılarımızın bir hissəsi ölkədən kənarda təşkil olunan təlim məşq toplantılarında iştirak edirlər.

2012-ci il XIV London Yay paralimpiya oyunlarında cüdo növündə mübarizə aparacaq İlham Zəkiyev və Ramin İbrahimov hazırda İspaniyanın Barselona şəhərində beynəlxalq təlim məşq toplanşındadır. Bununla bərabər, cüdo üzrə yığma komandamızın digər hissəsi İsmayıllı Olimpiya İdman Kompleksində gərgin məşqlər keçir.

Atletika üzrə milli komandamız Minsk Olimpiya İdman Mərkəzində təşkil olunmuş beynəlxalq təlim məşq toplantısında iştirak edir.
Kamandan oxatma üzrə millimiz Çex Respublikasının Mesto şəhərindədir. Hazırlığın sonunda lisenziyaçımız Zinyət Vəliyeva dünya reytinq turnirində mübarizə aparacaq.

Üzgüçümüz Natali Pronina Mingəçevir “Kür” Olimpiya İdman Tədris Mərkəzində ona bəslənilən ümidləri doğrultmağa çalışır.
Güllə atıcılarımız, 4 paralimpiya oyunlarının iştirakçısı Yelena Taranova və Əkbər Muradov Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində yüksək səviyyədə məşq keçirlər.

Pauerliftinqçilərimiz - Elşən Hüseynov (100 kq) və Məhərrəm Əliyev (+100 kq) «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən trenajor zalında hazırlaşırlar.

Xəbər 1306 dəfə oxundu.