Yeniyetmə güləşçilərimiz Avropa çempionatında
İyulun 17-də Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa birinciliyi start götürəcək. İdman.com.az saytının məlumatına görə, yarışda hər 3 güləş növü üzrə milli komandamız iştirak edəcək.

Proqrama əsasən, iyulun 17-18-də «sərbəstlər» öz aralarında qalibləri müəyyənləşəcəklər. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə Coşqun Məmmədov (42 kq), Arif Hüseynov (46 kq), Ruslan Surxayev (50 kq), Elçin Vəliyev (54 kq), Cahid Həsənzadə (58 kq), Ənvərbəy Dalqatov (63 kq), Şamil Sadullayev (69 kq), Məhəmmədhacı Muxutov (76 kq), Çermen Baqayev (85 kq) və Sultanbəy Krapivin (100 kq) Avropa çempionatının medalları uğrunda mübarizə aparacaqlar.

İyulun 19-20-də böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın başçılığı ilə 9 qız güləşçimiz – Sahilə Ələkbərova (40 kq), Türkan Nəsirova (43 kq), Arzu Əliyeva (46 kq), Ayan Məmmədova (49 kq), Almaz İsmayılova (52 kq), Alyona Kolesnik (56 kq), Ləman Qurbanova (60 kq), Raqnetta Qurbanzadə (65 kq) və Korin Dərya (72 kq) qalib adı uğrunda yarışacaqlar.

Nəhayət, son 2 yarış günü, yəni iyulun 21-22-də yunan-roma güləşçiləri arasında qaliblər bəlli olacaq. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Vüqar Aslanov heyətə Sənan Süleymanov (42 kq), Mikayıl Rəhmanov (46 kq), Seymur Əlizadə (50 kq), Kərim Cəfərov (54 kq), Murad Məmmədov (58 kq), Ruhin Mikayılov (63 kq), Şəmistan Quluzadə (69 kq), İslam Abbasov (76 kq), Zamir Məhəmmədov (85 kq) və Adambek Şidukovu (100 kq) daxil ediblər.

Beynəxalq dərəcəli referilərimiz Sədi Quliyev və Asif Şirəliyev hakim kimi ölkəmizi Avropa birinciliyində təmsil edəcəklər.

Xəbər 1181 dəfə oxundu.