“Sabah” komandası altı məğlubiyyətdən sonra qələbə qazana bilib
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Turun sonuncu oyununda “Sabah” klubu “Səbail”i 2:1 hesabı ilə məğlub edib.

“Bank Respublika Arena”da keçirilən matçda komandalar meydana üzərində “Biz qayıtdıq, Qarabağ” sözləri yazılan lövhələrlə çıxıblar.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Oyunda ilk qol 11-ci dəqiqədə vurulub. “Sabah”ın kapitanı Ruslan Abışovun ötürməsindən sonra rəqib qapıçı Nikolas Hagenlə təkbətək qalan Amadu Diallo topu çətinliklə də olsa tora göndərib. Matçın 33-cü dəqiqəsində Amin Seydiyev mükəmməl zərbə ilə komandasının üstünlüyünü iki topa çatdırıb. Görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Rauf Əliyev 11 metrlik cərimə zərbəsindən fərqlənməklə fərqi azaldıb. Beləliklə, Masazır təmsilçisi 6 oyunluq məğlubiyyət seriyasından sonra nəhayət qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 9-a çatdıran “Sabah” 7-ci pilləyə yüksəlib. Eyni xala malik “dənizçilər” isə 6-cı sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” evdə “Sumqayıt”ı 3:1, “Neftçi” səfərdə “Qəbələ”ni 4:1, “Zirə” isə doğma meydanda “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib.

On turdan sonra bir oyun az keçirən “Qarabağ”ın, eləcə də “Zirə”nin 18 xalı var. Onlardan bir xal az toplayan “Neftçi” üçüncü, aktivində 15 xal olan “Sumqayıt” dördüncü, 12 xalı olan “Keşlə” isə beşinci pillədə qərarlaşıblar. Çempionatın sonuncu pilləsində 8 xalla “Qəbələ” komandası yer alıb.

Xəbər 444 dəfə oxundu.