Sərbəst güləş üzrə Azərbaycan milli komandasının bir neçə üzvü koronavirusa yoluxub
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının bir neçə üzvü koronavirusa yoluxub.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumatda bildirilib ki, federasiya pandemiyanın Azərbaycanda yayıldığı ilk günlərdən məsələyə həssas yanaşıb. Məhz bu səbəbdən bir neçə ay yığma komandaların məşqlərinə fasilə verilib. Yalnız iyun ayından milli komandaların məşqlərinə icazə verildikdən sonra hazırlıq prosesi başlayıb. Bununla belə, məşqlərdə yalnız əsas komandaya daxil olan güləşçilərin iştirakı nəzərdə tutulub. Bu da dekabrda Serbiyada keçiriləcək fərdi dünya kubokuna hazırlıq prosesi ilə bağlıdır.

Güləşçilər və məşqçilər arasında koronavirusun yayılmaması üçün bütün zəruri tədbirlərin həyata keçirildiyinin qeyd olunduğu məlumatda bildirilib ki, Olimpiya Güləş Mərkəzinin qapılarında dezinfeksiya məhlulları quraşdırılıb. Güləşçilər arenaya daxil olarkən bundan istifadə edirlər. Eyni zamanda, hər məşqdən əvvəl heyətdə yer alan güləşçilərin hərarəti yoxlanılır, temperaturu yüksək olanlar məşqdə iştirak etmir. Güləşçilərdən və məşqçilərdən mütəmadi qaydada testlər götürülməklə yanaşı, federasiyanın təlim-məşq bazası, yataqxanası və ofisi dezinfeksiya olunur. Cümə günü növbəti dəfə bütün heyət testdən keçirilib. Nəticədə bir neçə sərbəst güləşçinin testi pozitiv çıxdığı üçün onlar karantinə alınıblar.

Xəbər 431 dəfə oxundu.